Fransa prezidenti Emmanuel Macron bir neçə avropalı həmkarına Rusiya ilə dialoqun bərpasına hazırlıq təklif etdiyini açıqlayıb.
Macron bunu Süddeutsche Zeitung və bir sıra digər Avropa qəzetlərinə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, məqsəd sadəlövhlük etmədən, eyni zamanda ukraynalılara təzyiq göstərmədən Avropa–Rusiya təmaslarını yenidən qurmaqdır.
“Avropa ilə Rusiya arasında əlaqələrin bərpasını strukturlaşdırmaq vacibdir. Məhz buna görə bir neçə avropalı həmkarıma dialoqun yenidən başlanmasını təklif etdim”, – deyə Macron bildirib.
Fransa prezidentinin fikrincə, Avropa ölkələri bu prosesi üzərinə götürməsə, faktiki olaraq Rusiya ilə dialoqu ABŞ-a həvalə etmiş olacaqlar. O vurğulayıb ki, Rusiya istəsək də, istəməsək də Avropa İttifaqının qonşusu olaraq qalacaq, buna görə də dialoq zəruridir.
Macron həmçinin Fransanın Rusiya ilə texniki səviyyədə dialoq kanallarını artıq bərpa etdiyini təsdiqləyib.

