Balidə villa kirayəsi zamanı turistlərə qarşı yeni fırıldaq sxemi qeydə alınıb. Bu barədə Rusiya developeri RIA Novosti-yə açıqlama verib.
Onun sözlərinə görə, dələduzlar turistləri aldadaraq, guya yerləşməzdən əvvəl “məcburi dini ritual” keçirildiyini bildirirlər.
Ekspert qeyd edib ki, turistlərin yanına həqiqətən də ənənəvi geyimdə (saronq) bir şəxs gəlir, buxur və dualarla mərasim keçirir, müxtəlif nəğmələr oxuyur və daha sonra pul alaraq ərazini tərk edir.
Açıqlamada bildirilir ki, turistlərə guya bu ritual olmadan yaşayış yerinə “ruhların daxil ola biləcəyi” və villada nasazlıqlar yarana biləcəyi deyilir.
Mərasimdən sonra isə turistlərdən bir neçə yüz dollara çata bilən məbləğ tələb olunur.
Məlumata görə, oxşar fırıldaq sxemləri Balidə kiçik biznes sahələrində də istifadə olunur.

