Təbriz Beynəlxalq Hava Limanı genişmiqyaslı yenidənqurmadan sonra fəaliyyətini bərpa edib və uzun fasilədən sonra beynəlxalq uçuşların mərhələli şəkildə bərpasına hazırlaşır.
İran KİV-lərinin məlumatına görə, bərpa ediləcək istiqamətlər arasında Bakı və İstanbul reysləri də var.
İran Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Axavan bildirib ki, hava limanı ciddi infrastruktur zədələrindən sonra yenidən qurulub. Zədələnən obyektlər arasında uçuş-enmə zolağı, dispetçer qülləsi və sərnişin terminalları olub.
Onun sözlərinə görə, yenidənqurma və modernləşdirmə işləri qısa müddətdə, ölkədaxili texniki imkanlar hesabına həyata keçirilib.
Axavan qeyd edib ki, ölkənin şimal-qərbində əsas aviasiya qovşaqlarından biri hesab olunan Təbriz hava limanı daxili və beynəlxalq reysləri qəbul etməyə tam hazırdır. Hazırda marşrut şəbəkəsinin mərhələli şəkildə bərpası planlaşdırılır.
Fəaliyyət dayandırılmamışdan əvvəl hava limanından İranın bir sıra şəhərlərinə, eləcə də İstanbul, Nəcəf, Mədinə, Bakı, İzmir, Adana və Dubay kimi beynəlxalq istiqamətlərə uçuşlar həyata keçirilirdi.

