Livan Prezidentinin Ofisi “Hizbullah” hərəkatından ABŞ-ın qarşılıqlı atəşkəs təşəbbüsünə dair rəsmi razılıq alındığını açıqlayıb.
Bu barədə administrasiyanın X sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib.
“Livan dövlətinin sabitliyi qorumaq və gərginliyin yeni mərhələsinin qarşısını almaq istiqamətində səyləri çərçivəsində, eləcə də Respublika Prezidenti general Jozef Aun ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığının nəticəsi olaraq, rəsmi Beyrut “Hizbullah”ın qarşılıqlı hücumların dayandırılması ilə bağlı Amerika planını dəstəklədiyinə dair təsdiq alıb.
Birinci mərhələdə “Hizbullah”ın İsrailə qarşı hər hansı hücumdan imtina etməsi müqabilində İsrailin Beyrutun cənub ətrafına — Dahiyəyə endirdiyi zərbələrin dayandırılması nəzərdə tutulur. Bundan sonra atəşkəs rejimi bütün Livan ərazisinə şamil ediləcək.
Daha sonra Prezident Donald Tramp Livanın Vaşinqtondakı səfiri Nada Muavad ilə telefon danışığı aparıb və ona İsrailin Baş naziri Binyamin Netanyahunun da təklif olunan plana razılıq verdiyini bildirib. Səfir Muavad bu danışıqların nəticələrini Prezident Auna çatdırıb, Aun isə öz növbəsində əldə olunan razılaşmalar barədə “Hizbullah”ı məlumatlandırıb.
Gözlənilir ki, çərşənbə axşamı və çərşənbə günü məsləhətləşmələr davam etdiriləcək. Tərəflər əldə olunan irəliləyişləri və nəticələrin hüquqi şəkildə rəsmiləşdirilməsini müzakirə edəcəklər”, deyə məlumatda qeyd olunub.

