Hindistanda Telegram messenceri ölkədə fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasından sonra App Store və Google Play platformalarından silinib. Bu barədə Moneycontrol məlumat yayıb.
Nəşrin məlumatına görə, qərar Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin göstərişi əsasında qəbul edilib.
Məhdudiyyətlərin iyunun 21-nə planlaşdırılan ümummilli tibb imtahanı NEET-in yenidən keçirilməsi ilə bağlı olduğu bildirilir. Hakimiyyət orqanları imtahan materialları ilə bağlı mümkün dələduzluq hallarının qarşısını almaq üçün belə addım atıblar.
Hindistanın Milli Test Agentliyinin məlumatına görə, Telegram üzərindən bəzi şəxslər abituriyentlərə və onların ailələrinə guya sızdırılmış imtahan materiallarına çıxış təklif ediblər.
Qurum bu cür halların qarşısının alınması üçün tədbirlərin gücləndirildiyini bildirib.

