Böyük Britaniya 16 və 17 yaşlı yeniyetmələr üçün sosial şəbəkələrdə “komendant saatı” tətbiq edəcək.
Bu barədə Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Nazirliyinin press-relizində bildirilib.
Məlumata görə, saat 00:00-dan 06:00-dək tətbiqlərin tövsiyə funksiyaları məhdudlaşdırılacaq.
Bu müddətdə yeniyetmələr sosial şəbəkələrdən müəyyən məhdudiyyətlərlə istifadə edə biləcəklər. Snapchat, TikTok, YouTube, Instagram və X kimi platformalarda istifadəçi lentini formalaşdıran tövsiyə alqoritmləri söndürüləcək.
Şaquli videoların avtomatik sürüşdürülməsi funksiyası da, məsələn, TikTok-da olduğu kimi, işləməyəcək.
Bundan əlavə, hakimiyyət uşaqların süni intellekt əsaslı çat-botlardan təhlükəsiz istifadəsi üçün də tədbirlər tətbiq etməyi planlaşdırır. Bu tədbirlərə müntəzəm fasilə vermək barədə xatırlatmalar və yetkinlik yaşına çatmayanlar üçün təhlükə yaradan xidmətlərə məhdudiyyətlər daxildir.

