Tailandda ümumi dəyəri 5 milyard batdan çox olan daşınmaz əmlak işi üzrə dörd Rusiya vətəndaşı saxlanılıb.
Bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Polis Çonburi əyalətində genişmiqyaslı əməliyyat keçirərək 41 daşınmaz əmlak obyektində axtarış aparıb. Yoxlamalar bahalı evlər və torpaq sahələrini əhatə edib.
İstintaqın versiyasına görə, 33 şirkət xarici nəzarəti gizlətmək və torpaq mülkiyyəti ilə bağlı məhdudiyyətlərdən yayınmaq üçün Tailand vətəndaşlarını formal sahib kimi göstərmiş ola bilər.
Polis bildirir ki, sözügedən daşınmaz əmlak internetdə “rus kəndi” adı ilə reklam olunub və Rusiya saytlarında satışa və kirayəyə çıxarılıb.
Axtarışlar zamanı saxlanılan şəxslərdən və şirkət ofislərindən sənədlər, eləcə də elektron cihazlar götürülüb.
Hazırda hüquq-mühafizə orqanları pul vəsaitlərinin hərəkətini və sxemdə iştirak edən şəxslərin digər şəxslər və təşkilatlarla mümkün əlaqələrini araşdırır.

