Bəli mən səni doyunca görə bilmədim ata. Bu sözləri deyən Masazır qəsəbə 3 nömrəli tam orta məktəbdə birinci sinifə ilk qədəmlərini qoyan şəhid Akşin Ağayevin qızıdır.
Abşeronda ilk Bilik Günü: Sevincli gülüşlər, kövrək göz yaşları və məktəb həyatı həyəcanı…
Yeni dərs ilinin ilk zəngi Abşeronda minlərlə şagird və valideyn üçün unudulmaz anlar yaşadıb. Rayonun bütün təhsil müəssisələrində Bilik Günü möhtəşəm tədbirlərlə qeyd olunub. Səhər saatlarından məktəblərin həyətlərində musiqi sədaları, əlində gül dəstələri tutan balaca şagirdlərin həyəcanlı addımları, qürur və sevinc dolu valideyn baxışları əsl bayram ab-havası yaradıb.
Bu günün ən çox gözlənilən qəhrəmanları – birincilər idi. Onlar ilk dəfə məktəb həyətinə qədəm qoymağın həyəcanını yaşayarkən, sevinclə dolu baxışları və utancaq gülüşləri ilə diqqət çəkirdilər. Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Nuranə Vəliyeva birinciləri təbrik edib. Qeyd edib ki, bu il məktəbin birinci sinifinə 195 şagird qəbul edilib. Məzun olan 141 nəfərdən 6 nəfər 600 dən yuxarı bal toplayıb.
Kimisi əlini möhkəm anasının, kimisi atasının əlindən buraxmır, məktəb pilləkənlərinə addım atarkən ürəyində yeni dostluqların, yeni kəşflərin arzusu ilə yanırdı. Hər “ilk zəng” səsi ilə bu balaca ürəklərdə böyük arzular cücərirdi.
Amma sevinclə yanaşı, bu günün kövrək anları da az olmadı. Valideynlərin gözlərində yaş görmək adi hal idi. Kimisi övladını həyatın yeni mərhələsinə yola salmağın qürurunu, kimisi isə övladının böyüməsinin həsrətini yaşayırdı. Ana və ataların gözündəki parıltı ilə yanaşı, yanaqlarından süzülən sevinc yaşları “ağlayan kim, gülüb məktəb həyatının sevincini yaşayan kim” sualının əsl cavabı idi – məktəb həyatı həm ayrılıq, həm də başlanğıcın özü idi.
Məktəb həyətində təşkil olunan tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şagirdlər və müəllimlərə təbriklər ünvanlandı. Rayon rəhbərliyi, məktəb direktorları və müəllim kollektivi çıxış edərək təhsilin inkişafı üçün dövlətin göstərdiyi diqqət və qayğıdan danışdı.
Xüsusilə, bu il əsaslı təmir və yenidənqurmadan çıxan məktəblərdə tədbirlər daha möhtəşəm keçdi. Yeni sinif otaqları, laboratoriyalar, idman zalları, müasir dərs avadanlıqları ilə təchiz edilmiş təhsil ocaqları uşaqların sevincini ikiqat artırdı. Valideynlər isə övladlarının belə şəraitdə təhsil alacağından məmnunluq hissi keçirdiklərini dilə gətirdilər.
Abşeron məktəblərində Bilik Günü bir daha sübut etdi ki, təhsil sadəcə dərs və kitab deyil, həm də ümid, sevinc, göz yaşı və gələcək arzuların birləşdiyi böyük bir həyat məktəbidir. İlk zəngin sədası altında gülən də, ağlayan da bu böyük yolun başlanğıcını birlikdə yaşadı – məktəb həyatı yenidən dirçəldi, minlərlə uşaq və valideyn üçün yeni ümidlərin səhifəsi açıldı.