15 sentyabr – Bilik günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra məktəblərdə yeni dərs ilinin başlanması böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. Tədbirlərdə müəllimlər, şagirdlər və valideynlər iştirak edərək balacaların ilk dərs həyəcanını bölüşüblər.
Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə şagirdlər, müəllimlər və valideynlərin iştirakı ilə yeni tədris ilinə rəsmi start verilib. Məktəb həyəti musiqi sədaları və rəngarəng çıxışlarla əsl bayram ab-havasına bürünüb.
Bayram coşqusunun hiss olunduğu digər təhsil ocaqlarından biri Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb olub. Bu il məktəbin birinci sinfinə 234 şagird qəbul edilib. Onlardan biri – 1 “d” sinfinin şagirdi, şəhid övladı Əzizli İnci Nəzər qızı məktəbə ilk addımlarını ataraq tədbirə xüsusi mənəvi rəng qatıb. Sözü gedən təhsil müəssisəsinin rəhbəri Araslan Rzayev birinciləri təbrik edib. Onlara gələcək təhsil həyatında uğurlar arzulayıb.
Hazırda 28 nömrəli tam orta məktəbdə 2458 şagird təhsil alır, pedaqoji heyətin sayı isə 101 nəfərdir. Keçən tədris ilində məktəbi bitirən 158 məzundan 136 nəfər yerli ali məktəblərə, 11 nəfər isə xarici universitetlərə qəbul olunub. Onlardan 2 nəfər 650-dən, 9 nəfər isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib.
Yeni dərs ili böyük sevinc hissi ilə qarşılanan digər təhsil müəssisəsi isə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəb olub. Hal-hazırda məktəbdə 1432 şagird təhsil alır. Keçən il 68 məzun ali məktəb tələbəsi adını qazanıb, onlardan biri 655 bal toplayaraq fərqlənib. Eyni zamanda 6 məzun qırmızı attestatla təltif olunub.
Direktor Mehdiqulu Aslanov bilik günü münasibəti ilə bu il birinci sinifə qədəm qoyan birinciləri ürəkdən təbrik edib. Valideynlərinə göy aydınlığı verib. Digər çıxış edən müəllimlər və valideynlər şagirdlərə uğurlar arzulayaraq onların gələcəkdə ölkəmizin savadlı, bilikli və vətənpərvər vətəndaşları kimi yetişəcəyinə inam ifadə ediblər. Yeni tədris ili isə minlərlə məktəblinin həyatına yeni ümidlər, böyük arzular və parlaq nailiyyətlərlə başlamağın sevincini bəxş edib. Müəllimlər yeni dərs ilində şagirdlərə bilik zirvələrinə doğru inamla irəliləməyi, müəllimlərə isə gələcəyin savadlı nəslini yetişdirməkdə uğurlar arzuladılar.