Bəzən bir insanın ömrü , yetişdirdiyi insanların taleyində qoyduğu izlərlə ölçülür. Laçın Rayon Çıraqlı Kənd Tam Orta Məktəbinin müəllimi Zeynəb İslamovanın 45 illik pedaqoji fəaliyyəti də məhz belə bir ömrün hekayəsidir.
Bu gün məktəbdə duyğulu anlar yaşandı. Ömrünün 45 ilini müqəddəs müəllimlik peşəsinə həsr edən Zeynəb xanım təqaüdə yola salındı. İllər öncə onun sinfində oturan, həyat dərslərini ondan alan keçmiş şagirdlər və bu gün məktəbin birinci sinfində təhsil alan balacalar bir araya gələrək sevimli müəllimləri ilə son dəfə görüşdülər.
Həmin anlarda kövrəlməyən göz, titrəməyən ürək yox idi. Alqış səslərinə göz yaşları qarışmışdı. Çünki hər kəs anlayırdı ki, məktəbdən bir müəllim ayrılmır, bütöv bir dövr, bir məktəb ənənəsi, minlərlə xatirə yola salınır.
Məktəb rəhbərliyi, müəllim kollektivi və məzunlar Zeynəb İslamova haqqında xoş sözlər söylədilər. Onun zəhmətkeşliyindən, qayğıkeşliyindən, şagirdlərinə bəslədiyi sevgidən danışdılar. Çünki o, yalnız dərs keçən müəllim deyildi, həm də neçə-neçə nəslin yoluna işıq tutan bir ömür sahibi olub.
Bu gün Zeynəb xanım məktəbdən ayrılsa da, onun öyrətdiyi dərslər, aşıladığı dəyərlər və yetişdirdiyi insanlar yaşayacaq. Müəllimlər təqaüdə çıxırlar, amma onların əməyi heç vaxt təqaüdə çıxmır.
45 ilin zəhməti, sevgisi və fədakarlığı qarşısında baş əyir, Zeynəb İslamovaya sağlam, xoşbəxt və mənalı ömür arzulayırıq.
Nizami Rəsulov
Denmedia.az

