Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Məmmədli kənd tam orta ümumtəhsil məktəbində unudulmaz və qürurverici bir gün yaşanıb.
Denmedia.az xəbər verir ki, təhsil ocağının 90 illik yubileyi münasibətilə təşkil olunan möhtəşəm tədbir təkcə bir məktəb bayramı yox, həm də bütöv bir kəndin yaddaşına, keçmişinə və mənəvi köklərinə edilən böyük ehtiram kimi yadda qalıb.
Bu il ölkədə elan olunan şəhərsalma və memarlıq ili çərçivəsində yubiley tədbiri xüsusi konsepsiya ilə hazırlanıb. Məmmədli kəndinin tarixi keçmişi, onun illər boyu formalaşan təhsil ənənələri və məktəbin nəsillərə verdiyi mənəvi miras şagirdlərin baxışı ilə sanki canlı ekskursiyaya çevrilib. Tədbirin hər detalında tarixlə bu günün əl-ələ verdiyi aydın hiss olunub.
Məktəbin geniş foyesində yaradılan və təhsil ocağının ötən 90 illik yolunu əks etdirən fotoguşə qonaqlarda xüsusi maraq doğurub. Keçmişdən bu günə uzanan şəkillər, müəllimlərin və məzunların xatirələri, köhnə sinif illərinin donmuş anları hər kəsi illər öncəyə aparıb. Sanki bu fotolar danışır, məktəbin divarları öz tarixini özü nəql edirdi.
Möhtəşəm təşkil olunan tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, təhsil ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, kənd sakinləri və bir zamanlar bu məktəbdə təhsil almış bir sıra məzunlar iştirak ediblər. Bu da yubileyə mənəvi dəyər qazandırıb.
Tədbir akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Zal boyunca hökm sürən o sükut hər kəsə xatırladıb ki, bu gün azad səslənən məktəb zənglərinin arxasında şəhidlərimizin müqəddəs qanı dayanır.
Məktəbin direktoru Könül Hüseynova qonaqları salamlayaraq məktəbin 90 illik şərəfli tarixi, keçdiyi inkişaf yolu, burada yetişən savadlı və vətənpərvər nəsillər barədə geniş məlumat verib. O bildirib ki, bu məktəb sadəcə dərs keçilən bina olmayıb, illərdir kəndin düşünən beyni, döyünən ürəyi, formalaşan mənəviyyatı olub.
Daha sonra şagirdlərin təqdimatında Məmmədli kəndinin tarixi keçmişinə, kənd həyatına, məktəbin yaddaşlarda yaşayan illərinə və yaradıcılığa həsr olunan bir-birindən rəngarəng kompozisiyalar nümayiş etdirilib. Balaca məktəblilərin dilindən səslənən tarix, gənc nəslin keçmişə göstərdiyi həssas münasibət zalda böyük maraq və alqışla qarşılanıb.
Tədbirin ən duyğulu anlarından biri isə vaxtilə bu məktəbdə çalışmış, artıq dünyasını dəyişmiş müəllimlərin yad olunması olub. Onların şəkilləri ekranda nümayiş etdirildikcə, adları ehtiramla çəkildikcə zalda kövrək anlar yaşanıb. Çünki müəllim gedə bilər, amma onun yetişdirdiyi insanlarda izi əbədi qalır.
Musiqili kompozisiyalar, bədii çıxışlar, vətənpərvərlik ruhlu təqdimatlar yubiley tədbirinə xüsusi rəng qatıb. Hər nömrədə həm məktəb sevgisi, həm kəndə bağlılıq, həm də keçmişə hörmət aydın hiss olunub.
Tədbirdə çıxış edən qonaqlar Məmmədli kənd məktəbinin 90 illik fəaliyyətini yüksək qiymətləndirərək bu təhsil ocağının bölgənin maarif tarixində xüsusi yer tutduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bir məktəbin yaşı onun divarlarının köhnəliyi ilə yox, yetişdirdiyi insanlarla ölçülür və Məmmədli məktəbi bu baxımdan zəngin bir xəzinədir.
Yubiley tədbiri xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb. Bu gün çəkilən şəkillər 90 ilin zəhmətinin, xatirəsinin, müəllim əməyinin və şagird sevgisinin yaddaşa köçən canlı salnaməsi idi.
Ellada Rəsul
Denmedia.az

