Antarktidadakı şelf buzlaqları gözləniləndən daha sürətlə əriyə bilər.
Bu barədə “Nature Communications” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqatda qeyd olunur ki, bunun əsas qlobal nəticəsi dəniz səviyyəsinin daha sürətli yüksəlməsi olacaq.
Antarktida gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi üçün ən böyük potensial mənbəni özündə saxlayır, — deyə tədqiqatçılardan biri Tsin Çjou bildirib.
Araşdırma müəllifləri xəbərdarlıq edirlər ki, əgər Antarktidadakı buz şelfi zəifləsə və ya dağılmağa başlasa, hazırda buz qalxanı tərəfindən saxlanılan nəhəng buz kütlələri sərbəst qala bilər.
Alimlərin sözlərinə görə, buz qalxanının yox olması dəniz səviyyəsini 58 metrədək yüksəldə bilər.
Bu isə milyonlarla insanın hipotetik daşqınlardan zərər görməsinə səbəb ola bilər.
Qeyd edək ki, şelf buzlaqları sahildən dənizə doğru uzanan və kənarlara doğru nazikləşən üzən buz kütlələridir.

