Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirəcək, lakin bununla yanaşı Avrasiya İqtisadi İttifaqında üzvlüyünü saxlayacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, respublika hələlik Aİ üzvü olmağa hazır deyil.
Paşinyan mümkün referendumda xalqın Avropa İttifaqına üzvlüyün əleyhinə səs verə biləcəyini də istisna etməyib. Lakin onun sözlərinə görə, belə bir plebisitin keçirilməsi üçün ölkə əvvəlcə rəsmi şəkildə üzvlük üçün müraciət etməli və ya namizəd statusu almalıdır.
Paşinyan bildirib:
“Bu vəziyyətlərdən biri mövcud olmayana qədər bizim referendum predmetimiz yoxdur”.
Baş nazir vurğulayıb ki, hökumətin vəzifəsi yalnız ölkə üçün seçim alternativi yaratmaqdır.
O əlavə edib ki, Ermənistan hələ Avropa İttifaqının müvafiq standartlarına uyğunlaşdırılmayıb. Buna görə də üzvlükdən danışmaq üçün hələ tezdir. Eyni zamanda ölkə Rusiya və Aİİ üzrə digər tərəfdaşlarla münasibətləri də inkişaf etdirmək niyyətindədir.
Paşinyan fikrini belə yekunlaşdırıb:
“Bizim birinci məqsədimiz ölkəni islahatdan keçirmək və onu Aİ standartlarına uyğun səviyyəyə çatdırmaqdır. Bunsuz, hər halda, Aİ üzvü ola bilmərik. Bu isə o deməkdir ki, əvvəlcə demokratik islahatlar prosesini o nöqtəyə qədər davam etdirməliyik ki, hamı Ermənistanın tam şəkildə standartlara uyğun olduğunu qəbul etsin”.

