Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Avropa İttifaqı standartlarına keçidə başlayacağı təqdirdə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində bu ölkə ilə inteqrasiyanı obyektiv olaraq dayandırmaq lazım gələcək.
Onun sözlərinə görə, hazırda Ermənistan “böyük və inkişaf etmiş” Aİİ bazarına çıxış imkanına malikdir. Putin qeyd edib ki, enerji resursları üzrə güzəştli şərtlər bu birliyə üzvlüyün yalnız üstünlüklərindən biridir.
Rusiya lideri həmçinin bildirib ki, Ermənistan Aİİ-dən çıxacağı halda, bu ölkənin vətəndaşlarına əcnəbilərə tətbiq olunan standart miqrasiya tələbləri şamil olunacaq.
Avrointeqrasiya kursundan danışan Putin vurğulayıb ki, Moskva erməni xalqının maraqlarına uyğun olan istənilən seçimi hörmətlə qarşılayacaq. Bununla yanaşı, o xatırladıb ki, onun fikrincə, Ukraynadakı böhran da avrointeqrasiya prosesi fonunda başlayıb.
“Biz erməni xalqının maraqlarına cavab verən istənilən qərarı dəstəkləyəcəyik”, deyə Putin bildirib.
Eyni zamanda Rusiya Prezidenti İrəvana “iki stulda nə qədər oturmaq olar?” sualı ilə müraciət edib.

