Kuba xarici işlər naziri Bruno Rodriges ABŞ-ın ada ölkəsinə qarşı yeni sanksiya qərarlarını “cinayət” kimi qiymətləndirib.
Rodriges bu barədə ABŞ mərkəzli X sosial media platformasında paylaşım edib. O, ABŞ dövlət katibi Marko Rubionu sərt şəkildə tənqid edərək Vaşinqtonun Kuba iqtisadiyyatına qarşı təzyiqləri artırdığını bildirib.
Kuba rəsmisinin sözlərinə görə, ABŞ hökuməti Kuba xalqına və onun yaşayış şəraitinə qarşı “amansız hücum” və “kollektiv cəza” siyasəti yürüdür.
ABŞ dövlət katibi Marko Rubio isə X hesabında Kubaya qarşı yeni sanksiyaları açıqlayıb. O bildirib ki, Kuba iqtisadiyyatında mühüm rol oynayan və ordunun nəzarətində fəaliyyət göstərən GAESA holdinqi ilə əlaqəli şirkətlər sanksiya siyahısına əlavə edilib.
Rubio həmin qurumların Kuba xalqının resurslarını “oğurladığını” və öz maraqları üçün istifadə etdiyini iddia edib. O, həmçinin Kubanın mədən və metal ehtiyatlarını istismar edən bəzi qurumların da sanksiya siyahısına salındığını bildirib.
ABŞ rəsmisi bu şirkətlərin ABŞ əleyhinə təbliğat aparmasına imkan verməyəcəklərini qeyd edib.

