Fars körfəzi akvatoriyasında döyüş əməliyyatlarının yenidən başlaması BMT-nin Baş katibi Antoniu Quterreşi ciddi narahat edir.
Bu barədə onun mətbuat katibi Stefan Düjarrik bildirib. Məlumatı TASS yayıb.
Düjarrikin sözlərinə görə, bölgədə hərbi qarşıdurmanın yenidən alovlanması Tehran və Vaşinqton arasında əldə edilmiş bütün diplomatik nəticələri təhlükə altına sala bilər.
BMT Baş katibi hesab edir ki, tammiqyaslı münaqişə Yaxın Şərq xalqları üçün fəlakətli nəticələrə səbəb ola, eyni zamanda qlobal iqtisadiyyata ciddi zərbə vura bilər.
Quterreş tərəflərə müraciət edərək onları maksimum təmkin göstərməyə və vəziyyətin daha da gərginləşməsinə yol verməməyə çağırıb.
O, bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli üçün tərəflərin təxirə salmadan danışıqlar masasına qayıtmasının vacibliyini vurğulayıb.

