ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişənin yaxın zamanda başa çata biləcəyinə ümid etdiyini bildirib. Tramp bunu Şimali Karolinada jurnalistlərlə söhbəti zamanı deyib. Onun sözlərinə görə, Tehran razılaşma əldə etməkdə maraqlıdır.
“Ümid edirəm ki, müharibənin başa çatmasına doğru gedirik. Onlar razılaşma əldə etməyi çox istəyirlər. Görək nə alınacaq”, – Tramp bildirib.
ABŞ lideri mümkün razılaşmanın hansı şərtləri əhatə edə biləcəyi və danışıqların hazırda hansı mərhələdə olduğu barədə ətraflı məlumat verməyib. Trampın son açıqlaması əvvəlki mövqeyi ilə müqayisədə daha nikbin səslənir: avqustun sonunda o, ABŞ və İran arasında aktiv danışıqların getmədiyini bildirmişdi.
Tehrandan Trampın son açıqlamasına hələlik rəsmi reaksiya verilməyib. Bu arada Trampın gələn həftə BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə İran münaqişəsinin sonrakı mərhələsini müzakirə etməsi gözlənilir.

