Bu gün səhər saatlarında Ağdam-Füzuli yolunda qəzaya düşən mikroavtobus qanunsuz fəaliyyət göstərirmiş.
Den.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olur:
"İyulun 9-da Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı təəssüflənirik. Baş vermiş hadisə ilə bağlı bildiririk ki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olur.
Qeyd edək ki, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir.
Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq".
***
11:00
Bu gün saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
TƏBİB-dən Den.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
Qeyd edək ki, qəzaya düşənlərin fəhlələr olduğu bildirilir.
***
saat 09:00
Bu gün Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Den.az-a bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.