Balidə yerli sakinlər insan bədəninə aid hissələr aşkar ediblər. İlkin ehtimallara görə, qalıqların Ukrayna vətəndaşı İqor Komarova məxsus ola biləcəyi bildirilir. Bu barədə Kumparan News məlumat yayıb.
Məlumata əsasən, fevralın 26-da yerli vaxtla saat 10:00 radələrində insan başının fraqmentləri və digər bədən hissələri tapılıb. İstintaqın ilkin qiymətləndirməsinə görə, şəxs üç gündən artıqdır ölüdür.
Bildirilir ki, meyitin qolunda olan tatuaj əvvəllər oğurlandığı deyilən ukraynalının təsvirinə uyğun gələ bilər.
Lakin polis qalıqların həqiqətən Komarova məxsus olub-olmadığını hələ təsdiqləməyib və DNT ekspertizası aparılır. Bu məqsədlə istintaqçılar Ukraynanın konsulluğu ilə əməkdaşlıq edir.
Bundan əvvəl, fevralın 20-də Ukraynanın “Rakur” nəşri İqor Komarov və Yermak Petrovski adlı iki Ukrayna vətəndaşının oğurlandığını yazmışdı. Onların kriminal aləmdə tanınan şəxslərin övladları olduğu bildirilirdi. İddialara görə, hadisəni Çeçenistandan olan naməlum şəxslər törədib. Məlumatda Petrovski-nin qaça bildiyi, Komarovun isə girov qaldığı deyilirdi.
Həmçinin sosial şəbəkələrdə yayılan videoda Komarovun 10 milyon dollar məbləğində fidyə tələbi səsləndirdiyi iddia olunurdu.

