Rusiyada məhkəmə Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşları barədə hökm çıxarıb.
Denmedia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin qərarına əsasən, Akif Səfərov 21 il, Ayaz Səfərov 20 il, Kamal Səfərov 14 il, Mazahir Səfərov 13 il, Bəqir Səfərov 10 il, Şücayəddin Rəcəbov isə 14 il həbs cəzası alıb.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı zor tətbiq edilib və nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər.
Əməliyyatdan sonra Səfərov qardaşları və bir neçə azərbaycanlı məhkəmə qərarı ilə həbs edilib. Onlara 2001, 2010 və 2011-ci illərdə törədildiyi iddia olunan cinayətlər üzrə ittihamlar irəli sürülüb.
Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski də saxlanılıb. Mütvəli Şıxlinskiyə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmək ittihamı ilə cinayət işi açılıb.
Şahin Şıxlinskiyə isə sifarişli qətl cəhdində və dövlət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham irəli sürülüb.

