Almaniyada məhkəmə qızını yeddi il ərzində evdə saxlayaraq onu küçəyə çıxmağa qoymayan qadın barəsində hökm çıxarıb.
Bu barədə Punch nəşri məlumat yayıb.
Uşaq 2022-ci ilin sentyabrında yaşayış evində aşkarlanıb. Məlum olub ki, qız həyatının böyük hissəsini anası, nənəsi və babası ilə birlikdə yaşadığı evdə tam təcrid şəraitində keçirib. Qadın uşağın atası ilə əlaqəni kəsib və ona İtaliyaya köçdüklərini deyib.
Məlumata görə, nənə və baba da bu vəziyyətin gizlədilməsində iştirak edib, müxtəlif tapşırıqları yerinə yetirib və uşağın guya İtaliyada olması barədə yalan məlumat yayıblar.
Ailə şəhərdə tanınsa da, uşağın uzun müddət təcrid olunması diqqətdən kənarda qalıb. Qız məktəbə və tibb müəssisələrinə getmədiyi üçün ciddi inkişaf problemləri, o cümlədən fiziki çatışmazlıqlar yaranıb və o, demək olar ki, yerimə qabiliyyətini itirib.
Məhkəmə prosesi bir neçə dəfə təxirə salınsa da, sonda hökm elan olunub. Əsas təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib, nənəyə 2 il həbs cəzası verilib, baba isə şərti cəza alıb.

