ABŞ-nin Şimali Karolina ştatında yaşayan 82 yaşlı qadın evində baş verən qəza nəticəsində 9 gün ərzində vannada köməksiz vəziyyətdə qalıb.
Tək yaşayan Joan Rivet iyunun 1-də yatmağa hazırlaşarkən hamamda müvazinətini itirərək vannaya yıxılıb. Bel nahiyəsindən xəsarət alan qadın ayağa qalxa bilməyib, telefonuna çata bilmədiyi üçün yardım da çağıra bilməyib. Onun səslərini qonşular eşitməyiblər.
Sağ qalmaq üçün çıxış yolu axtaran qadın ayağı ilə su kranını açmağa nail olub. O, axan suyu üzünə sıçradaraq içib və bu yolla günlərlə susuz qalmamağa çalışıb. Qadın həmin müddətdə zaman-zaman huşunu itirdiyini bildirib.
Joan Rivetdən uzun müddət xəbər ala bilməyən qardaşı şübhələnərək aidiyyəti qurumlara müraciət edib. Evə daxil olan əməkdaşlar onu yarımhuşsuz vəziyyətdə vannada tapıblar.
Xəstəxanaya yerləşdirilən qadında ciddi susuzlaşma və uzun müddət eyni vəziyyətdə qalmaqla bağlı sağlamlıq problemləri aşkarlanıb. Müalicədən sonra o, reabilitasiya mərkəzinə köçürülüb.
Hadisədən sonra həyatını yenidən nəzərdən keçirdiyini deyən qadın sağaldıqdan sonra ailəsinə daha yaxın olmaq üçün Corciya ştatına köçməyi planlaşdırır.

