ABŞ Prezidenti Donald Trampın Avropadakı Amerika hərbi mövcudluğu ilə bağlı ziddiyyətli qərarları ABŞ vergi ödəyicilərinə milyonlarla dollara başa gələ bilər.
Bu barədə Associated Press ABŞ hərbi strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, may ayında Pentaqon əvvəlcə Avropadakı Amerika kontingentinin təxminən 5000 hərbçi azaldılması çərçivəsində Polşa və Almaniyaya planlaşdırılan hərbi bölmələrin yerləşdirilməsini ləğv edib. Lakin bir neçə həftə sonra Tramp gözlənilmədən əlavə 5000 hərbçini məhz Polşaya göndərmək niyyətində olduğunu açıqlayıb.
Bu qərarlar nəticəsində texnika və avadanlıqların bir hissəsi artıq Avropaya doğru yolda olduğu vaxt əmrlər dəyişib. AP-nin məlumatına görə, yalnız ilkin rotasiyanın hazırlanmasına çəkilən xərclər təxminən 32 milyon dollar təşkil edib.
Hərbi bölmələr qeyri-müəyyən vəziyyətdə qalıb, planlaşdırma prosesi isə ciddi şəkildə çətinləşib.
Avropalı müttəfiqlər də Vaşinqtondan gələn ziddiyyətli siqnallardan narahatdırlar. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda NATO ABŞ siyasətindəki qeyri-sabitliyin Alyansın müdafiə zəmanətlərinə etimadı zəiflədə biləcəyindən ehtiyat edir.
Əlavə problem isə ABŞ ordusunun maliyyə vəziyyəti ilə bağlıdır. ABŞ Quru Qoşunları artıq 2 milyard dollardan 6 milyard dollaradək büdcə kəsiri ilə üzləşir. Bu səbəbdən bəzi hazırlıq proqramları və döyüş qabiliyyətinin saxlanılması ilə bağlı tədbirlər ixtisar olunur.

