Azərbaycan Ordusunda “İnformasiya texnologiyaları sahəsində ən yaxşı mütəxəssis” adı uğrunda müsabiqə keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, müsabiqə iki mərhələdə təşkil edilib.
Yarış başlamazdan əvvəl hərbi qulluqçulara müsabiqənin şərtləri izah olunub və kibertəhlükəsizlik qaydaları barədə məlumat verilib.
Tədbirdə çıxış edənlər iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan Ordusunun “Rəqəmsal Ordu” formatında inkişafı müasir texnologiyalardan istifadə etməklə bölmələrin daha operativ və səmərəli idarə olunmasına geniş imkanlar yaradır.
İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan hərbi qulluqçuların bilik və peşə bacarıqlarının artırılması məqsədilə keçirilən müsabiqədə zabitlərin nəzəri hazırlığı test üsulu ilə qiymətləndirilib, praktiki bacarıqları isə virtual platformalarda yoxlanılıb.
Müsabiqənin yekunlarına əsasən qaliblər mükafatlandırılıb.

