İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem 2026-cı il futbol üzrə dünya çempionatı zamanı reklam kampaniyalarından 25 milyon dollardan çox gəlir əldə edib.
“The Mirror”in məlumatına görə, Bekhem turnirin bir neçə oyununu stadiondan izləyib və “Adidas”, “McDonald’s”, “Lenovo”, “Lay’s” kimi markaların reklamlarında yer alıb. “The Times” də onun turnir dövründəki reklam gəlirlərini təxminən 25 milyon dollar qiymətləndirib.
Britaniya mediasında yayılan hesablamalara əsasən, Bekhem 20 milyon dollar qazandığı bildirilən Şakiranı və gəliri 16 milyon dollar qiymətləndirilən Castin Biberi geridə qoyub. Bu məbləğlər rəsmi şəkildə təsdiqlənmiş qonorarlar deyil, təxmini kommersiya gəlirləri kimi təqdim olunur.
Bəzi mənbələr finalın fasiləsində çıxış edən sənətçilərə birbaşa qonorar ödənilmədiyini yazır. Buna görə Şakira və Biberlə bağlı rəqəmlərin reklam, sponsorluq və digər kommersiya razılaşmalarını əhatə etdiyi ehtimal olunur.
2026-cı il dünya çempionatı 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçirilib.

