Nyu-York-Manhetten Federal Məhkəməsi ABŞ-də “sanksiyalardan yayınma, dələduzluq və çirkli pulların yuyulması” ittihamları ilə 9 il əvvəl — 2017-ci ildə həbs edilən Türkiyə-İran əsilli Rza Zərrabla bağlı qərarını iyulun 14-də açıqlayacaq.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Təqsirini etiraf edərək istintaqla əməkdaşlıq edən və bir vaxtlar hakimiyyətə yaxın iş adamı kimi tanınan Zərrab 2018-ci ildən bəri şərti olaraq girov müqabilində azadlıqdadır. Məhkəmə ona bir sıra məhdudiyyətlər tətbiq edib.
Bu məhdudiyyətlərə əsasən, istintaq əməkdaşları və FTB əvvəlcədən xəbərdarlıq etmədən Zərrabın yaşayış yeri kimi göstərdiyi ünvanda istənilən vaxt axtarış apara bilərlər. O, yalnız prokurorluğun təqdim etdiyi mobil telefonla danışa və yalnız prokurorluğun verdiyi kompüterdən istifadə edə bilər.
Zərrab yalnız Florida və Nyu-Yorkun müəyyən edilmiş bölgələrində icazəsiz hərəkət edə bilər.
Nyu-Yorkun Cənub Dairəsi üzrə hakimi Riçard Berman Zərrabın hökm iclasını Manhettendəki Federal Məhkəmədə iyulun 14-nə təyin edib.
ABŞ-də cinayət işlərində istintaqla əməkdaşlıq edən şahidlər barəsində hökmün çıxarılması, adətən, onların ifadə verə biləcəyi digər məhkəmə prosesləri başa çatdıqdan sonra həyata keçirilir.
Zərrabla bağlı hökm iclası Halkbank işi üzrə prosesin son mərhələsi hesab olunur.
Hakim Berman iyunun 17-də Halkbank barəsində 2019-cu ildə açılmış işin ləğv edilməsi barədə qərar qəbul etmişdi.

