Londonda məhkəmə 47 yaşlı Çin vətəndaşı Qian Çjimini Böyük Britaniya tarixində ən böyük kriptodələduzluq işi üzrə 11 il 8 ay həbs cəzasına məhkum edib, — BBC xəbər verir.
İstintaq müəyyən edib ki, 2014–2017-ci illərdə Çjimin Çində “Lantian Gerui” adlı layihəyə rəhbərlik edib. Layihə guya bitkoin mayninqi və tibbi texnologiyaların inkişafına yönəlmiş investisiya platforması kimi təqdim olunurdu, amma əslində maliyyə piramidası imiş. Sxemin qurbanı 128 mindən çox insan olub, onlar 5,6 milyard dollardan çox vəsait itiriblər.
Çində istintaq başlayandan sonra Çjimin əvvəlcə Myanmaya, sonra Böyük Britaniyaya qaçıb və özünü varlı varis kimi təqdim edib. O, aldadılmış investorların pulları ilə alınan kriptovalyutanı nağdlaşdıraraq Londonda malikanədə yaşayırdı.
2018-ci ildə polis onun evində axtarış apararaq 61 min bitkoinə çıxış verən daşıyıcılar tapıb — bu, Britaniya tarixində ən böyük kriptovalyuta müsadirəsi olub.
Çjiminin həbsi yalnız 2024-cü ilin aprelində baş tutub: istintaq onunla əlaqəli kriptocüzdanların hərəkətini izləyə bilib. 2025-ci ilin sentyabrında o, pul yuyulması və qanunsuz əldə edilmiş kriptovalyutanın saxlanması ittihamlarını qəbul edib.
Məhkəmə qərarına əsasən, müsadirə edilmiş aktivlərin taleyi 2026-cı ildə keçiriləcək mülki prosesdə müəyyən ediləcək. Artıq minlərlə Çinli zərərçəkmiş bu vəsaitlərin bir hissəsinə iddia qaldırıb.

