Yapon mədəniyyətinin qədim ənənələrindən biri olan Osouji sadəcə ev təmizliyi deyil. Bu ritual yaşayış sahəsini yeniləməklə yanaşı, insanın zehni yükdən azad olmasını da hədəfləyən bir həyat anlayışıdır.
Yapon dilində “böyük təmizlik” mənasını verən Osouji ənənəvi olaraq ilin sonunda tətbiq olunur. Lakin bu ritual yalnız yeni il öncəsi ilə məhdudlaşmır. Baharın gəlişi və yeni başlanğıclar zamanı da bir çox yapon ailəsi evini qaydaya salır, lazımsız əşyaları ayırır və yaşayış məkanını daha yüngül hala gətirir.
Mütəxəssislərin fikrincə, dağınıq mühit insanın psixoloji vəziyyətinə düşündüyümüzdən daha çox təsir edə bilər. Araşdırmalar göstərir ki, göz önündə olan qarışıqlıq diqqəti yayındırır və zehni yorğunluğu artırır. Princeton Universiteti Sinirbilim İnstitutunun araşdırmalarında da dağınıq məkanların beynin lazımsız siqnallarla yüklənməsinə səbəb olduğu bildirilir.

Osoujinin maraqlı tərəfi isə təmizliyə ən çox görünən yerlərdən yox, əksinə, uzun müddət toxunulmayan sahələrdən başlanmasıdır. Dolab üstləri, tavan küncləri, anbarlar və unudulmuş yerlər əvvəlcə təmizlənir. Bu, simvolik olaraq insanın uzun müddət görməzdən gəldiyi məsələlərlə üzləşməsi kimi izah olunur.

Bu ritualda əsas məqsəd sadəcə evi silib-süpürmək deyil. Hər əşya ilə bağlı özünüzə bir sual vermək tövsiyə olunur: Buna həqiqətən ehtiyacım var, yoxsa sadəcə vərdişə görə saxlayıram?

Beləliklə, Osouji adi təmizlikdən çıxaraq daha şüurlu seçim etmə prosesinə çevrilir. Ən vacib qaydalardan biri isə tələsməməkdir. Bu ənənədə təmizlik tez bitiriləcək iş kimi yox, insanın həm evini, həm də düşüncələrini yüngülləşdirdiyi sakit bir proses kimi qəbul olunur.

