Yunanıstan Aralıq dənizinin ekosisteminə təhlükə yaradan və balıq ehtiyatlarını məhv edən zəhərli fuqu balığının ovlanmasına görə balıqçılara ödəniş etməyə başlayıb.
Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, invaziv növlə mübarizə üçün nəzərdə tutulan pilot proqramın həyata keçirilməsinə 1,5 milyon avro ayrılıb.
Milos adası yaxınlığında 30 ildən artıqdır balıqçılıqla məşğul olan Stavros Moraitis bildirib ki, fuqu balığı son illərdə ov həcmini ciddi şəkildə azaldıb.
“Bu balıq inanılmaz dərəcədə acgözdür. Cəmi bir neçə il əvvəllə müqayisədə ovumuz orta hesabla 30-40 faiz azalıb”, — deyə o bildirib.

Məlumata görə, gümüşü rəngli fuqu balığı Hind okeanının tropik sularından Süveyş kanalı vasitəsilə Aralıq dənizinə yayılıb.
Balığın dimdiyə bənzəyən dörd dişi adi balıq torlarını, hətta polad konserv bankalarını belə deşə bilir.
Bundan başqa, fuqu balığının orqanizmində sianiddən təxminən 1000 dəfə güclü neyrotoksin olduğu bildirilir.
Pilot proqram çərçivəsində balıqçılara tutduqları hər kiloqram fuqu balığı üçün 5,33 avro ödəniləcək.
Proqram əsasən Krit adası və Cənubi Egey dənizi bölgələrini əhatə edir. Bildirilir ki, invaziv növün ən çox yayıldığı ərazilər məhz buralardır.
Mütəxəssislərin fikrincə, vəziyyət Avropa İttifaqının ikinci ən böyük balıqçılıq donanmasına və təxminən 16 min yunan balıqçısının dolanışığına təhlükə yaradır.

