İyunun 4-də axşam saatlarında Yer kürəsində güclü maqnit qasırğası gözlənilir.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası xəbərdarlıq edib.
Məlumata görə, Günəşdə müntəzəm C sinifli zəif partlayışlarla yanaşı, M sinifli partlayışlar da qeydə alınıb. Bu partlayışlar R1–R2 səviyyəsində, yəni zəifdən orta dərəcəyə qədər qiymətləndirilir. Bundan əlavə, Günəşdə koronal kütlə atılması da baş verib.
Bununla əlaqədar plazma axınının iyunun ortalarında Yerə yaxın ərazidən keçəcəyi proqnozlaşdırılır.
Bu gün saat 15:00-dan sonra G1 səviyyəli geomaqnit qasırğası başlayacaq. Onun 5 iyun səhərinədək davam edəcəyi gözlənilir.
Proqnoza görə, 5 iyun gecə saat 00:00-dan 03:00-dək qasırğanın gücü Kp indeksi üzrə 6 bala qədər arta bilər.
5 iyun saat 09:00-dan sonra geomaqnit fonun yenidən sakit səviyyəyə qayıdacağı bildirilir.
Bu kosmik hadisə Yerə yaxın orbitdə olan aparatların işinə müəyyən təsir göstərə bilər.

