Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolundan danışıb.
Sitat:
“Bilirsiniz ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq. Çünki ən mühüm olanı təhlükəsizlikdir. Biz təhlükəsizliyin dəyərini çox yaxşı bilirik. 30 ildən çox müddətdə müharibə şəraitində, müharibənin müxtəlif formalarında yaşamışıq. Bu, sizi tamamilə bununla məşğul olmağa vadar edir”.
“Dövlət başçımızın Türkiyə–İsrail münasibətləri ilə bağlı ifadə etdiyi mövqe Azərbaycanın məlum gərginliyin aradan qaldırılmasında konstruktiv və vasitəçi rol oynamağa hazır olduğunu göstərir.
Şübhəsiz ki, bu yanaşma Azərbaycanın həm qardaş Türkiyə ilə möhkəm strateji ittifaqa, həm də İsrail ilə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malik olmasından irəli gəlir. Təbii ki, bu münasibətlərin balanslı şəkildə inkişaf etdirilməsi Azərbaycanın regionda sabitliyin və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş siyasətinin mühüm komponentlərindən biridir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, ehtiyac yaranacağı təqdirdə Azərbaycan açıq və ya diplomatik kanallar vasitəsilə dialoqu təşviq etməyə hazırdır. Bu yanaşma ölkəmizin yumşaq güc alətlərindən istifadə edərək regional münasibətlər sisteminə müsbət və sabitləşdirici töhfə vermək niyyətini əks etdirir”.
Aytən Qurbanova
Politoloq qeyd edib ki, Prezidentin müsahibədə təhlükəsizlik məsələsinə xüsusi vurğu etməsi diqqətdən yayınmamalıdır:
“Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan uzun illər davam edən münaqişə və 44 günlük Vətən müharibəsi təcrübəsi fonunda təhlükəsizliyin strateji əhəmiyyətini dərindən dərk edən dövlətdir. İndiki məqamda bu istiqamətdə həyata keçirilən diplomatik və siyasi fəaliyyətlər regionda davamlı sabitliyin təmin olunmasına xidmət edir.
Nəticə etibarilə, cənab Prezidentin müsahibə zamanı İsrail-Türkiyə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın regional və beynəlxalq müstəvidə təşəbbüskar, məsuliyyətli və balanslı aktor kimi çıxış etdiyini bir daha nümayiş etdirir. Bu siyasət də, öz növbəsində, Azərbaycanın artan beynəlxalq nüfuzuna, çoxtərəfli tərəfdaşlıq münasibətlərinə və qlobal miqyasda etibarlı aktor statusuna əsaslanır”.