Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.
“Denmedia.az” xəbər verir ki, dövlət başçısının müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb.
Müsahibəni təqdim edirik:
Müxbir: İcazə verin, Yaxın Şərqdən olduğum üçün Yaxın Şərqə keçim. Siz, həmçinin Yaxın Şərq ilə İsrail arasında vasitəçilik rolu oynamısınız. Siz Suriyaya təbii qaz təchiz etmək üçün dəstəyinizi göstərirsiniz. Mənim sualım belədir. İsrail ilə Suriya arasında baş verən hadisələr və Sizin vasitəçiliyinizlə atılan addımlar bu iki ölkə arasında gərginliyin azaldılmasına gətirib çıxaracaqmı?
Prezident İlham Əliyev: Hesab edirəm ki, İsrail ilə Suriya arasında münasibətlərin normallaşması üçün imkanlar var. İlk növbədə, sizin Suriyaya təbii qazın təchizi ilə bağlı qeydlərinizə toxunmaq istərdim. Bilirsiniz ki, Prezident Əsədin hökuməti ilə bizim 10 ildən çox heç bir münasibətimiz yox idi. Onlar Azərbaycanla çox ədalətsiz davranmışdılar, bizim Ermənistanla qarşıdurmamızda Ermənistanın tərəfinə keçdilər. Bu da bizim üçün çox qəribə idi, çünki işğal illəri ərzində müsəlman ölkələri tərəfindən çox güclü dəstək aldıq və İslam Əməkdaşlıq Təşkilatı bizə həmişə dəstək olmuşdur. Azərbaycan İslam həmrəyliyi prinsiplərinə yüksək dəyər verən ölkədir. Beləliklə, Azərbaycana qarşı Ermənistanla - məscidləri dağıdan, orada donuz və inək saxlayan ölkə ilə eyni cərgədə olmaq bizim üçün qəbuledilməz idi. Hər iki tərəf - Prezident Əsədin komandası və bizim komanda 10 ildən çox müddət ərzində bütün əlaqələri kəsdi. Suriyada yeni hökumət iqtidara gəldikdə, biz bunu böyük ruh yüksəkliyi ilə qarşıladıq və sözsüz ki, dəstəklədik. Bu ilin aprelində Türkiyədə mənim Əhməd Əl Şaraa ilə görüşüm oldu və onu səfərə dəvət etdim. O da Azərbaycana rəsmi səfər etdi. Biz Suriyaya humanitar yardım etməyə başladıq. Mən Suriyaya necə faydalı olacağımızı, onlar üçün nə edə biləcəyimizi öyrənmək üçün Baş nazirin müavininin rəhbərlik etdiyi böyük bir qrupu oraya göndərdim. Biz uzun illər boyu əziyyət çəkmiş bu ölkə, onun xalqı üçün yalnız sülh istəyirik. Biz onların sülh içində yaşamalarını və orada inkişafı görmək istəyirik. Beləliklə, işlər başlayıb. Sonra da elektrik enerjisi qıtlığı məsələsi diqqətimizə çatdırıldı və biz də necə yardımçı ola biləcəyimiz haqqında düşünməyə başladıq. Bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu. Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi. Hələ ki, biz 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa gəldik. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun. Yeri gəlmişkən, Suriya ilə İsrail rəsmiləri arasında danışıqlar bizim vasitəçiliyimizlə baş tutdu. Biz ətrafımızda sülhün olmasını istəyirik. Təcavüz və müharibədən əziyyət çəkən ölkə və xalq olaraq biz qaçqınlığın, evsizliyin, qaz, elektrik enerjisinə, suya və ya qidaya malik olmamağın nə olduğunu başa düşürük. Biz uzun illərdir ki, donor ölkə kimi fəaliyyət göstəririk. Biz təxminən 100, 80-dən çox ölkəyə maliyyə dəstəyi, humanitar dəstəyi təmin edirik. Bizim məqsədimiz yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırılabilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Əgər biz buna azacıq da olsa, kömək edə bildiksə, buna şadıq. Biz münasibətlərin normallaşması üçün potensialın mövcud olduğunu görürük və bu da Yaxın Şərqə sülhün, proqnozlaşdırmanın əlavə elementlərini gətirəcək.
Müxbir: İsrail Suriyanın bütövlüyünə hörmət edərək, bu normallaşmaya razı olub?
Prezident İlham Əliyev: Bəli, sözsüz. Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Bizim bununla bağlı mövqeyimiz birmənalıdır. Yenə də Azərbaycan-Rusiya münasibətləri ilə bağlı müzakirə etdiklərimizə qayıdaraq deyim ki, biz Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəklədik və dəstəkləməyə davam edirik. Əlbəttə ki, Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Söhbət təkcə hüquqi baxımdan bütövlükdən və sərhədlərə nəzarətdən getmir, söhbət fiziki birlikdən gedir. Ölkənin mərkəzləşdirilmiş sistemi, yaxud ən azından siyasi təsisatlarla bağlı fəaliyyət göstərən bir sistemi olmalıdır. Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq - istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun.
Müxbir: Əlbəttə ki, biz Sizin rəhbərliyinizlə Azərbaycanın bu vasitəçilik prosesində önəmli rol oynadığını anlayırıq. Bəs, Türkiyə və İsrail barədə nə deyə bilərsiniz? Sizin bu ölkələr arasında apardığınız vasitəçiliyi deyirəm. Bilirsiniz ki, kürdlərlə bağlı məsələ Türkiyə üçün narahatlıq doğuran məsələdir. İsraillə Türkiyə arasında hazırkı vasitəçilik barədə nə deyə bilərsiniz?
Prezident İlham Əliyev: Biz normallaşma üçün imkan yarandığını görəndə yardımçı olmağa çalışırıq. Türkiyə ilə İsrail arasında normallaşmanın birinci mərhələsində Azərbaycanın rolu hər iki ölkə tərəfindən qiymətləndirilib. Bilirsiniz ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər etdi. Biz şad olduq ki, iki ölkə arasında ümumi dil tapılır. Hazırda isə Türkiyə ilə İsrail arasında münasibətlər hər zaman olduğundan daha gərgindir. Ona görə də əgər bizdən kömək etmək xahiş olunsa, biz bunu edərik. Əgər edilməsə, ola bilsin ki, biz, sadəcə olaraq, ümumi dil tapmağa yardım etmək üçün çox da ictimailəşdirilməyən diplomatik səylər göstərməyə çalışarıq. Çünki ən mühüm olanı təhlükəsizlikdir. Biz təhlükəsizliyin dəyərini çox yaxşı bilirik. 30 ildən çox müddətdə müharibə şəraitində, müharibənin müxtəlif formalarında yaşamışıq. Bu, sizi tamamilə bununla məşğul olmağa vadar edir.
Prezident olaraq 17 il ərzində, - prezident seçiləndən Qarabağı azad edənə qədər, - bu, mənim üçün 1 nömrəli, 2 nömrəli, 10 nömrəli məsələ idi. Mən gecə-gündüz bununla məşğul idim. Bu, təkcə mənim yox, bütün komandanın diqqətini bəlkə də daha tez və daha səmərəli şəkildə görülə biləcək digər məsələlərdən yayındırırdı. Beləliklə, istənilən potensial təhlükə, hətta fiziki qarşıdurmanın istənilən hipotetik təhlükəsi insanlara, ölkələrə, onların iqtisadiyyatlarına, kredit reytinqlərinə - hər şeyə zərər verir. Təcrübəmizə əsaslanaraq, - çünki bizim işğal altında olmaq təcrübəmiz var, qalib ölkə olmaq təcrübəmiz var, müharibə şəraitində olmaq təcrübəmiz var, indi bizim sülhə necə nail olmaq təcrübəmiz var,- biz bilirik bunu necə etmək lazımdır. Bundan əlavə, bizim şaxələndirilmiş xarici siyasət istiqamətlərimiz də Azərbaycana hadisələrin mərkəzində olmağa imkan verir. Çünki bu gün az sayda ölkə hazırda çətin vəziyyətdə olanlarla çox səmimi şəkildə danışa bilər. Biz bunu etməyə hazırıq. Ümidvarıq ki, bu işləyəcək. Lakin əlbəttə ki, biz heç kəsə özümüzü məcburi təqdim etmirik. Sadəcə, bizdən xahiş ediləndə zəruri olanı edirik.
Müxbir: Cənab Prezident, iki qısa sualım var. Hazırda Azərbaycan Yaxın Şərqdə böyük rol oynayır. Bu rol təkcə Azərbaycanın təbii qazı ilə ölçülmür. Sualım daha çox Avropa və Şərq ölkələrinə nəql edilən Azərbaycanın təbii qazı ilə əlaqədardır. Mümkündürmü ki, əgər Azərbaycanın təbii qazı bəzi ərəb ölkələrinə nəql olunsa, oradakı ümumi vəziyyətə yardım etsin? Ümumiyyətlə, ərəb ölkələri ilə münasibətləriniz necədir?
Prezident İlham Əliyev: Enerjiyə gəlincə, bəli, siz haqlısınız, bizim təbii qaz üçün əsas istiqamətimiz Avropadır. Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır.
Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Artıq qeyd etdiyim kimi, düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir.
Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığa gəlincə, əlaqələr çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür. Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Yeri gəlmişkən, bizim bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar.
Yeri gəlmişkən, bizim bərpaolunan enerji potensialımız aşağı qiymətləndirilməməlidir. İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə, biz Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik. Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub. Hazırda biz geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Biz əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini biz Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, bizim xarici siyasət gündəliyimizin böyük bir hissəsidir. Deyərdim ki, Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir.
Müxbir: Cənab Prezident, əlavə olaraq, Azərbaycanın Cənubi Qafqaz regionunda əhəmiyyəti barədə. Düşünürəm ki, ölkəniz regional proseslərdə mühüm rol oynayır. Azərbaycan sünni və şiə icmaları arasında yaxşı münasibətlərin qurulması istiqamətində hər hansı bir addım ata bilərmi?
Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan cəmiyyətində bütün təriqətlərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb.
Müxbir: Burada deyil, bütövlükdə.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: Platforma kimi, Siz bir vasitəçi olaraq.
Prezident İlham Əliyev: Siz tamamilə haqlısınız. Bu, bizim təcrübəmizə əsaslanır, təkcə şüarlara, bəyanatlara əsaslanmır. Çünki çoxlu bəyanatlar verilə bilər, lakin siz məsələnin məğzinə, Azərbaycanda bu məsələlərin necə həll olunduğuna baxmalısınız. Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir.
Mənim müsəlman dövlətlərinin aparıcı dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər onu göstərir ki, İslam dünyasında istər siyasi olsun, istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir. Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq mövcuddur. İnsanların məhz buna ehtiyacı var. İnsanların sülh içərisində, xoşbəxt yaşamağa, öz övladlarını böyütməyə və işləməyə, başlarına bomba düşəcək, yaxud kimsə yaşadığı yerə bomba qoyacaq deyə qorxularının olmamasına ehtiyacları var.
Biz mədəniyyətlərarası dialoq sahəsində də bir çox işlər görürük. Biz hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslar keçiririk. Biz həmin konfranslarda bütün mühüm məsələləri, - təkcə müsəlmanlar üçün deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, - müzakirə edirik. Bu baxımdan bizim rolumuz əsasən burada gördüyümüz işlərə və bunu başqa yerlərdə də necə edə bilərik düşüncəsinə əsaslanır. Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, - mənim prezidentlər arasında bir çox əlaqələrim var, - hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və təriqətlərə bölünmə bizim birliyimiz üçün təhlükədir.
Müxbir: Beləliklə, Siz Körfəz ölkələrinin “rifah naminə sülh” baxışını dəstəkləyirsiniz.
Prezident İlham Əliyev: Düzdür.
Müxbir: Cənab Prezident, Siz Prezident Trampla görüş keçirdiniz. Mən onu Amerika prezidentləri arasında müstəsna şəxsiyyət hesab edirəm. Görüş zamanı Sizə ən çox təəssürat bağışlayan məqam nə oldu? Siz həqiqətən onun namizədliyini Nobel Sülh Mükafatına irəli sürəcəksinizmi?
Prezident İlham Əliyev: Bəli, düzdür, erməni həmkarımla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük. O, həqiqətən buna layiqdir. Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır. Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub. Hətta onun ilk prezidentlik dövründə belə, - ancaq o vaxt görüşmək imkanımız olmayıb, xüsusilə də o, “dərin dövlət”in nümayəndələri tərəfindən seçki saxtakarlığı ilə seçilməkdən məhrum edilib, - onun qələbəsini əlindən aldılar. Onun poçtla göndərilən səs bülletenləri ilə bağlı fikirləri tamamilə düzgündür. Çünki Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır. Lakin onlar özləri Prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər. Bəlkə də eyni səviyyədə deyildi, amma eyni şəkildə idi, şayiələr yayırdılar.
Müxbir: Necə ki, Baydenin zamanında baş verdi.
Prezident İlham Əliyev: Bəli.
Müxbir: 907-ni qüvvədə saxladılar...
Prezident İlham Əliyev: Bəli, tamamilə elədir. Bayden “907-ci düzəliş”i yenidən tətbiq etməyə başladı. “907-ci düzəliş” 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda bizə ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi. Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı, necə belə nankor olmaq olar?! Beləliklə, onların haqqında nə düşünə bilərdik? Biz onlarla bütün əlaqələri kəsdik. Bayden administrasiyası ilə əlaqələr sıfra enmişdi. Bu, bir fəlakət idi. Tramp isə tamamilə fərqlidir. Əminəm ki, o, nəinki Amerikanı yenidən qüdrətli edəcək bir insandır, o, Amerikanın rifah, azadlıq və inkişafın rəmzi olduğu bütün dövrlərdəki kimi, ölkəni yenidən insanların heyran olduğu yerə çevirəcək. Altı ay ərzində bu qədər məkana sülh gətirməyi bacarırsa, əminəm ki, bunu edəcək. Amma sistemin ona qarşı güclü müqaviməti var. Həm də vurğulamaq istədiyim bir şey də var ki, xüsusilə də mənə təsir edən sui-qəsd cəhdi zamanı onun özünü necə aparması idi. Bunu oynamaq mümkün deyil. Heç bir nitq yazan, heç bir siyasi məsləhətçi bunu edə bilməz ki, adam belə reaksiya versin. O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır.
Müxbir: Cənab Prezident, sonda yekun sualımı verim. Türkdilli dövlətlər arasında Azərbaycan mühüm rol oynayır. Siz bu rolu necə görürsünüz? Gələcəkdə Azərbaycan öz regionunda və qonşuluğunda rolunu necə görür?
Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir.
Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır.
Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir.
Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dən sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika. Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.
Müxbir: Söhbətimizin sonunda Sizə səmimi minnətdarlığımızı bildirirəm. “Əl-Ərəbiyyə” kanalında Sizi görməkdən çox məmnun olduq. Cənab Prezident, çox sağ olun. Hörmətli tamaşaçılar, bununla xüsusi görüşümüz başa çatır. Azərbaycan Prezidentindən Azərbaycanın paytaxtında müsahibə götürdük.