Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin mahiyyətini, siyasi iradəsini və humanist dəyərlərə sadiqliyini bir daha nümayiş etdirən mühüm ictimai-siyasi hadisədir. Bu təşəbbüs təkcə hüquqi akt kimi yox, həm də müasir Azərbaycan dövlətinin ideoloji əsaslarını, tarixi yaddaşını və gələcəyə yönəlmiş inkişaf strategiyasını özündə ehtiva edən konseptual yanaşmadır.
Xüsusilə vurğulayım ki, Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Onun xilaskarlıq missiyası, siyasi uzaqgörənliyi və qətiyyətli iradəsi nəticəsində ölkəmizdə sabitlik təmin edilmiş, dövlət institutları formalaşdırılmış, hüquqi dövlətin təməli qoyulmuşdur. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçiliyimizin hüquqi sütununa çevrilmişdir.
Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən yeni tarixi reallıqlar şəraitində uğurla davam etdirilir. Dövlət suverenliyinin tam bərpası, Konstitusiyanın ölkənin bütün ərazilərində ali hüquqi qüvvəyə malik olması Azərbaycan xalqının çoxəsrlik mübarizəsinin məntiqi nəticəsi və Prezident İlham Əliyevin liderliyinin bariz göstəricisidir.
Bu bir faktdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində insan amili dayanır. Sosial ədalət, vətəndaş rifahı, mərhəmət və humanizm prinsipləri dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu yanaşma cinayət-hüquq siyasətində də öz əksini tapır.
Amnistiya təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan dövləti cəzanı insanın islahı və cəmiyyətə reinteqrasiyası üçün vasitə kimi qəbul edir. Humanist hüquq siyasəti cəmiyyətin sağlamlaşmasına, sosial harmoniyanın möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü suverenliyimizin tam bərpası, ərazi bütövlüyümüzün təmin olunması kimi tarixi Zəfər fonunda irəli sürülüb. Bu, qalib dövlətin gücündən və mənəvi üstünlüyündən qaynaqlanan siyasi-humanist addımdır.
Dövlət başçısı bu təşəbbüslə bir daha nümayiş etdirir ki, Azərbaycan güclü olduğu qədər də mərhəmətli dövlətdir. Cəzadan azad ediləcək şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına və dövlətin inkişafına töhfə verəcəklərinə inam bu siyasətin əsas fəlsəfəsini təşkil edir.
Amnistiya aktının layihəsi xüsusilə həssas sosial qrupları əhatə edir. Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, şəhid və itkin düşmüş hərbçilərin yaxın qohumları, müharibə nəticəsində əlil olmuş mülki şəxslər, qadınlar, yaşlılar, yetkinlik yaşına çatmayanlar və az ağır cinayətlər törətmiş şəxslər bu humanist siyasətin əsas ünvanlarıdır. Ən əsası isə bu yanaşma sosial ədalətin, mənəvi məsuliyyətin və milli həmrəyliyin təzahürüdür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış amnistiya aktı miqyasına görə müstəqil Azərbaycan tarixində ən geniş amnistiya olacaq. 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilən bu akt minlərlə ailə üçün yeni ümid, cəmiyyət üçün isə sosial rahatlıq deməkdir. Bu fakt isə Azərbaycanın güclü hüquqi dövlət və eyni zamanda sosial məsuliyyət daşıyan humanist ölkə olduğunu təsdiqləyir.
1995-ci ildən bu günədək qəbul edilən 12 amnistiya və 71 əfv təşəbbüsü Azərbaycanda mərhəmət və bağışlama mədəniyyətinin dövlət siyasətinə çevrildiyini göstərir. Bu siyasətin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu olub.
Bu ardıcıllıq Azərbaycan dövlətçiliyinin yalnız mənəvi dəyərlərə söykəndiyini sübut edir.
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürdüyü amnistiya təşəbbüsü hüquqi, siyasi və mənəvi baxımdan tarixi əhəmiyyət daşıyır. Bu addım qalib, güclü və humanist Azərbaycanın dünyaya verdiyi mühüm mesajdır. Dövlət öz vətəndaşına inanır, ona ikinci şans verir və cəmiyyətin inkişafını insan amili üzərində qurur.
Bu təşəbbüs Azərbaycan dövlətçiliyinin gücünün, liderliyin məsuliyyətinin və humanizmin ali təzahürüdür.
Adil Xudadatov
Sumqayıt Bələdiyyəsinin üzvü

