Rumıniya parlamenti baş nazir İlie Bolojanın hökumətinə etimadsızlıq votumu verib. Bu barədə Politico məlumat yayıb.
Hökumətin istefasının lehinə 281 deputat səs verib. Qərarın qəbul olunması üçün 464 yerlik parlamentdə 233 səs tələb olunurdu.
Səsvermədən əvvəl çıxış edən Bolojan bildirib ki, bu etimadsızlıq votumu “yalançı, sinik və uydurmadır”.
Milli Liberal Partiyanın lideri İlie Bolojan 2025-ci ilin iyununda baş nazir vəzifəsinə təyin olunmuşdu.
Apreldə Sosial-Demokrat Partiyası koalisiya hökumətindən çıxaraq sağ millətçi “Rumınların Birləşməsi Alyansı” partiyası ilə birlikdə hökumətin istefasına nail olacağını açıqlamışdı. Sosial-demokratlar sərt iqtisadi tədbirlərdən, o cümlədən vergilərin artırılması, dövlət xərclərinin və dövlət sektorunda iş yerlərinin azaldılmasından narazılıq edirdi.
Məlumata görə, Rumıniya prezidenti Nikuşor Dan yeni koalisiya hökumətinin formalaşdırılması üçün partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq.

