Türk musiqisinin unudulmaz simalarından Kayahanın illər əvvəl yazdığı və indiyədək yayımlanmayan “Sabaha Kadar” mahnısının Nilüfərin ifasında təqdim olunacağı xəbəri qalmaqal yaradıb.
Mərhum sənətçinin qızı Beste Açar sosial şəbəkədə sərt paylaşım edərək Nilüfəri və atasının keçmiş həyat yoldaşı İpek Açarı hədəfə alıb. O, layihənin ondan xəbərsiz hazırlandığını iddia edib.
Beste Açar uşaqlıq illərinə də toxunaraq Kayahan və Nilüfər arasında keçmişdə münasibət olduğunu irəli sürüb:
“Atamla münasibətinizi öyrənəndə 8 yaşım var idi. Biz anamla heç vaxt unutmadıq”.
Açar atasının indiyədək eşidilməmiş mahnılarının hüquqlarını qorumaq üçün illərdir mübarizə apardığını bildirib. O, Nilüfər və İpek Açarın birlikdə hərəkət etdiyini iddia edərək layihəyə qarşı hüquqi proses başladacağını açıqlayıb.
Beste Açar həmçinin atasının vaxtilə telif hüquqları səbəbindən Nilüfərə tətbiq etdiyi mahnı qadağasını xatırladaraq, bu dəfə həmin qadağanı özünün davam etdirəcəyini bildirib.



