Kanal D-nin “Pazar Gezmesi” proqramı bu həftə aparıcı Asiye Acarın təqdimatında Türk musiqisinin “imperatoru” adlandırılan İbrahim Tatlısesin İzmirdəki evinə qonaq olub. Məşhur sənətçi evinin qapılarını açaraq səmimi açıqlamalar verib.
Tatlıses İstanbuldan ayrılıb İzmirə köçməsi prosesindən danışıb və 4 milyon dollar dələduzluq qurbanı olduğunu bildirib.

“İstanbulda vəfasızlıq gördüm. Təxminən 4 milyon dollarım getdi”, — deyə o vurğulayıb.
Sənətçi daha ehtiyatlı olduğunu qeyd edərək yaşadığı məyusluğu gizlətməyib.
Ailə münasibətlərinə toxunan Tatlıses ən yaxınları tərəfindən incidildiyini deyib:
“Qohumun qohuma etdiyini əqrəb belə etməzmiş”.
Oğlu Ahmet Tatlının Manisadakı beş mənzili satdığını, lakin bacı-qardaşları ilə bölüşmədiyini iddia edib. Qızı Dilan Çıtak barədə isə belə deyib:
“Başı sıxışanda ‘İbrahim Tatlısesin qızıyam’ deyir, sıxışmayanda ‘tanımıram’ deyir”.
Sənətçi həyatında “Qara Qız” deyə müraciət etdiyi sirli bir şəxsin olduğunu da etiraf edib, lakin ad çəkməyib.

Ev turu zamanı divardakı ailə fotolarına baxan Tatlıses anasının şəklini görəndə kövrəlib və göz yaşlarını saxlaya bilməyib. O, həmçinin Hülya Avşarla tez-tez danışdığını və onu dəyərli dost saydığını qeyd edib.
“Məndə pul bitməz, sadəcə azalır”, — deyə sənətçi iddialı açıqlama verib.

