Abşeron rayonundan olan şəhid anası Xatirə İsmayılova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladığı məktubla minnətdarlığını və dəstəyini ifadə edib.
Denmedia.az xəbər verir ki, müraciətdə şəhid ailələri adından Prezident İlham Əliyevin xalqın yarımçıq qalan arzularını Zəfərlə tamamlayan Lider olduğu vurğulanıb. Şəhid anası bildirib ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan tarixinin ən şanlı səhifələri yazılıb, şəhid analarının göz yaşları qürura çevrilib.
Xatirə İsmayılova məktubunda qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik və müstəqillik ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib və bu ideyalar Zəfər səlnaməsinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, yeni yolların və şəhərlərin salınması müasir və qalib Azərbaycanın simvolu kimi dəyərləndirilib.
Şəhid anası xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin şəhid adını siyasətin deyil, vicdanın ən ali zirvəsinə qaldırması şəhid ailələri üçün böyük mənəvi dəyər daşıyır. Şəhid ailələrinə göstərilən diqqət və qayğının sosial məsələ olmaqla yanaşı, mənəvi ədalətin təzahürü olduğu bildirilib.
Müraciətin sonunda Xatirə İsmayılova Abşeron rayonunun şəhid ailələri adından Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, dövlət başçısına möhkəm cansağlığı, uzun ömür və ölkəyə rəhbərlik etdiyi şərəfli yolda yeni uğurlar arzulayıb.
Qeyd edək ki, məktub Azərbaycan Respublikası, Abşeron rayonu şəhid ailələrinin duyğularını və Prezident İlham Əliyevə olan yüksək etimadı əks etdirir.

Xatirə İsmayılova,
şəhid anası
Azərbaycan Respublikası, Abşeron rayonu.

