Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun anası Səməngül Musibova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Denmedia.az xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərindən ünvanlanan müraciətdə şəhid anası Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Vətənimizin bütövlüyü və suverenliyinin tam təmin olunması ilə bağlı vəsihətini layiqincə yerinə yetirdiyini, bu missiyanı Zəfərlə tarixə yazdığını xüsusi vurğulayıb.
Səməngül Musibova bildirib ki, oğlu Veysəl Musibov Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən uğrunda döyüşərək canı və qanı ilə Vətən sevgisini nümayiş etdirib, xalqın və dövlətin gələcəyi naminə son ana qədər mübarizə aparıb. Onun sözlərinə görə, dövlət tərəfindən oğlunun xidmətlərinin yüksək qiymətləndirilməsi, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülməsi bir ana üçün ən böyük təsəlli və qürurdur.
Qəhrəman anası müraciətində Prezident İlham Əliyevi daim dəstəklədiyini bildirib, dövlət başçısını doğum günü münasibətilə ürəkdən təbrik edib və bir ana kimi dualarını əsirgəmədiyini qeyd edib.
Müraciətin sonunda Səməngül Musibova Prezident İlham Əliyevə və ailəsinə möhkəm cansağlığı, uğurlar arzulayaraq Allahın himayəsində olmalarını diləyib.
Nizami Rəsulov
Denmedia.az

