Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, beynəlxalq gündəmin əsas mövzularından biri sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə təsiridir.
DenMedia.az xəbər verir ki, o, bu barədə IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı danışıb.
Hikmət Hacıyev qeyd edib ki, dünya üzrə hökumətlər fikir ifadə etmək azadlığı və informasiyaya çıxışın təmin edilməsi ilə yetkinlik yaşına çatmayanların zərərli kontentdən, kiberbullinqdən, asılılıq yaradan alqoritmlərdən və psixoloji risklərdən qorunması arasında balans tapmağa çalışırlar.
Onun sözlərinə görə, söhbət texnologiyaların məhdudlaşdırılmasından deyil, uşaqların qorunmasından və rəqəmsal innovasiyaların rəqəmsal məsuliyyətlə paralel inkişaf etməsinin təmin edilməsindən gedir.
“Hər bir cəmiyyət innovasiyalar, təhlükəsizlik, valideyn məsuliyyəti və şəxsi hüquqlar arasında balans tapmalıdır. Bunun universal həlli yoxdur. Lakin bütün ölkələrin ümumi vəzifəsi böyüməkdə olan nəslin rifahını qorumaqdır”, – deyə Hikmət Hacıyev bildirib. (azərtac)

