Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, müasir münaqişələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında baş verir.
DenMedia.az xəbər verir ki, o, bu barədə IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı danışıb.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın regionda, xüsusilə media sahəsində artan rolu nəzərə alınaraq, Şuşa bu cür beynəlxalq müzakirələrin keçirilməsi üçün ən uyğun platformadır.
Onun sözlərinə görə, Ermənistanla danışıqlar prosesinə və ötən il əldə olunmuş razılaşmalara baxmayaraq, bir sıra beynəlxalq mediada Azərbaycanla bağlı hələ də qərəzli və problemli materiallar üstünlük təşkil edir.
Prezidentin köməkçisi vurğulayıb ki, Qarabağ münaqişəsi uzun illər dünya mətbuatının diqqət mərkəzində olub. Lakin bəzi xarici media qurumları Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışıblar.
“Məqsədimiz yalnız dövlət suverenliyini bərpa etmək idi və biz buna nail olduq. Buna baxmayaraq, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli münasibət davam edirdi”, - deyə Hikmət Hacıyev bildirib.

