"500 il öncə biz bu torpaqlarda öz yuvalarından qovulan yəhudilərə sığınacaq verdik, bugünkü Türkiyə də o zamankı Türkiyədir..."
İsrailin Qəzza bölgəsində törətdiyi kütləvi qətliamları görməzdən gəlmək həmin cinayətlərdə şərik olmağa bərabərdir.
Den.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antaliyada keçirilən 4-cü Diplomatiya Forumunun açılış mərasimində bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyiyayıb.
"İsrail bir ildən artıqdır ki, Fələstin xalqına qarşı açıq şəkildə soyqırım həyata keçirir, insan hüquqlarını və beynəlxalq hüququ açıq-aşkar tapdalayır". O sual edib: "Legitim bir dövlət, müharibə şəraitində belə, bu cür hərəkət edə bilərmi? Bu, dövlət terrorizmi deyilmi? Məhz buna görə İsrail terrorçu dövlətdir".
Ərdoğan əlavə edib: "Bu vəhşiliyə qarşı durmaq, ona mümkün olan ən sərt şəkildə cavab vermək yalnız qardaşlıq borcumuz deyil, həm də insanlıq borcumuzdur". Prezident onu da bildirib ki, heç kim fələstinlilərin işğala qarşı apardığı mübarizəni "terrorçuluq" kimi qələmə verərək gözdən sala bilməz. "500 il əvvəl biz bu torpaqlarda İsrail xalqını- öz yurdlarından qovulan yəhudiləri sığınacaqla təmin etdik. Bugünkü Türkiyə də o zamankı Türkiyə kimidir", - prezident vurğulayıb.
Ərdoğan beynəlxalq ictimaiyyəti, xüsusən də BMT Təhlükəsizlik Şurasını Qəzzada qan tökülməsinə son qoymağa və Fələstin xalqını dəstəkləməyə çağırıb:
"İsrailin Qəzzada dövlət terrorunu davam etdirməsi, atəşkəs cəhdlərini sabotaj etməsi və dinc sakinlərə hücumları davamlı sülhün əldə olunmasını son dərəcə çətinləşdirir".
Suriya və regionun sabitliyi məsələsi
Ərdoğan Suriya ilə bağlı da danışaraq bildirib: "Biz yalnız Suriyada deyil, bütün regionda uzunmüddətli sabitliyin əldə olunması fürsətinin qaçırılmasına imkan verə bilmərik. Bu, 8 dekabr inqilabı ilə əldə olunan fürsətdir".
O, qeyd edib ki, Türkiyənin Suriyada nümayiş etdirdiyi təmkin, dialoq yolu ilə problemlərin həllinə sadiqliyi yanlış anlaşılmamalıdır: "Bizim sakitliyimiz bəzi tərəflərdə yanlış ambisiyalara səbəb olmamalıdır".
Ərdoğan həmçinin bildirib ki, Türkiyə bu məsələdə regionun əsas oyunçuları Tramp və Putinlə sıx dialoq və anlaşma içindədir və Suriyanın ərazi bütövlüyünü qorumaqda qərarlıdır.
ABŞ və Türkiyə münasibətləri
Türkiyə-ABŞ əlaqələrinə toxunan prezident Trampın ikinci müddətində iki ölkə arasındakı "sıx dostluğa" əsaslanaraq münasibətlərin bütün sahələrdə inkişaf edəcəyinə inandığını bildirib. O, əlavə edib ki, ABŞ ilə 100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq Türkiyə üçün prioritetdir.
Ərdoğan gömrük tarifləri mövzusuna da toxunub: "Biz çalışırıq ki, gömrük tariflərindən qaynaqlanan kəskin ticarət rəqabəti dağıdıcı olmasın. Türkiyə bu prosesin qaliblərindən biri olacaq".
Kipr və NATO məsələsi
Kipr məsələsində Ərdoğan deyib ki, Türkiyə "Kipr türklərinin suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması üçün səyləri artırıb. Biz bunu ədalət bərqərar olana qədər səbir və qətiyyətlə davam etdirəcəyik".
Ərdoğan NATO-nun əsas roluna da toxunaraq Türkiyənin bu bloka üzv olmasını xarici siyasət və milli təhlükəsizlik baxımından "əsas sütunlardan biri" adlandırıb.
"Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Bu gün beynəlxalq aləmdə baş verən proseslər bunu açıq şəkildə göstərir. NATO-nun ikinci ən böyük quru ordusuna sahib Türkiyə son illərdə müdafiə sənayesində qazandığı uğurlarla Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşımağa hazırdır", - o, bildirib.
Ərdoğan bir daha vurğulayıb ki, Türkiyə dərhal Avropa İttifaqının tamhüquqlu üzvü statusunu almalıdır: "Biz hazırıq və bu prosesi irəli aparmağa qərarlıyıq. Avropa İttifaqından konkret addımlar gözləyirik".
Rusiya ilə münasibətlər və Ukrayna münaqişəsi
Ərdoğan Türkiyənin Rusiya ilə münasibətləri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib: "Biz Rusiya ilə ortaq coğrafiyamıza əsaslanaraq qarşılıqlı maraq və hörmət çərçivəsində əməkdaşlığımızı gücləndirməkdə qərarlıyıq. Rusiya və Ukrayna arasında artıq dörd ildir davam edən müharibənin ədalətli və davamlı sülh sazişi ilə başa çatdırılması bizim əsas prioritetimizdir".
O, əlavə edib ki, Türkiyə bu istiqamətdə Qara dəniz təşəbbüsü, əsir mübadiləsi və İstanbul prosesi daxil olmaqla bir sıra addımlar atıb və bu balanslı və fəal mövqeyini davam etdirmək niyyətindədir.
Ərdoğan nitqinin sonunda bildirib: "Türkiyə qarşıdurmalardan çox dialoqu, qütbləşmədən çox sağlam düşüncəni və qlobal vicdanı üstün tutur. Biz bu coğrafiyanın sadəcə sakini yox, sahibiyik. Min ildir buradayıq, gələcək əsrlərdə də burada olacağıq. Biz istəyirik ki, bölgədə qarşıdurmaya deyil, barışa, qan və göz yaşına deyil, rifaha yer verilsin. Gələcək nəsillərə belə bir dünya miras qoymaq istəyirik".
O, bildirib ki, Türkiyə qonşularla yaxşı münasibətlər quraraq və münaqişə tərəfləri arasında dialoq körpüləri salaraq öz ətrafında "sülh və təhlükəsizlik halqası" yaratmağa çalışır. Ərdoğan çıxışının sonunda bir daha BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq sistemin dəyişməsinin vacibliyinə diqqət çəkib: "Dünya beşdən böyükdür, çünki bəşəriyyət beşdən çoxdur".