Belarus Ukrayna ərazisində sülhməramlı qüvvələr yerləşdirməyə hazırdır.
Bunu Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin Komandanlığının beynəlxalq hərbi əməkdaşlıq və sülhməramlı fəaliyyət idarəsinin rəisi Aleksey Skobey STV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu addım yalnız Belarus prezidenti Aleksandr Lukaşenko müvafiq qərar qəbul edərsə atıla bilər. Skobey qeyd edib ki, bu məsələ Rusiya və Ukraynanın öz aralarında necə qərar verəcəyindən asılı olacaq. O, Belarus tərəfinin bu iki dövlətin müraciəti ilə yardım göstərməyə hazır olduğunu vurğulayıb.
“Hər halda tərəflərdən biri müraciət etməlidir — əgər istəyirlərsə ki, bu, BMT-nin mandatı altında həyata keçirilsin, o zaman həmin təşkilata müraciət edib ərazidə sülhməramlı kontingentin yerləşdirilməsinin zəruri olduğunu bildirməlidirlər,” — deyə Skobey əlavə edib.
O həmçinin qeyd edib ki, bu halda hansı dövlətlərin iştirak edəcəyi müəyyən ediləcək, lakin bütün qərarlar qarşılıqlı razılıq əsasında verilməlidir.

