Əfqanıstanın şimalında baş verən güclü zəlzələ nəticəsində azı 850 nəfər yaralanıb, 27 nəfər isə həlak olub. Bu barədə yerli xəbər portalı Tolo News, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə bürosunun direktoru Hanan Balxiyə istinadla məlumat yayıb.
“Ötən gecə ölkənin şimalında baş verən güclü zəlzələ nəticəsində **ən azı 27 nəfər həyatını itirib, 850-dən çox insan yaralanıb,” — deyə Balxi bildirib.
ÜST hadisə bölgələrinə reanimatoloqlardan və travmatoloq-cərrahlardan ibarət tibbi qruplar göndərib. Onlar yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq içində çalışırlar. Qurum xəbərdarlıq edib ki, xilasetmə əməliyyatları davam etdikcə qurbanların sayı arta bilər.
CNN telekanalının məlumatına görə, Əfqanıstanda 6,3 maqnitudalı güclü zəlzələ baş verib. Əvvəlcə ən azı dörd nəfərin öldüyü bildirilmişdi. Bəlx vilayətinin qubernatorunun nümayəndəsi Hacı Zeyd ölənlərin sayını təsdiqləyib və çoxlu sayda yaralının olduğunu açıqlayıb.

        
        
                
                