Qazaxıstanda ötən il elan edilmiş və ölkə Konstitusiyasının 30 illiyinə həsr olunmuş amnistiya prosesi başa çatıb.
“Komitə Konstitusiyanın 30 illiyinə həsr olunmuş amnistiyanın icrasının başa çatdığını bildirir. Görülən işlərin nəticələrinə əsasən, məhkəmələr tərəfindən 15 970 təqdimata baxılıb. Cinayət-icra sistemi müəssisələrindən, o cümlədən qadınlar və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, 2 mindən çox şəxs azadlığa buraxılıb”, – deyə qurumun mətbuat katibi Güljan Abduqaliyeva yaydığı videomüraciətdə bildirib.
O qeyd edib ki, eyni zamanda 11 min məhkumun cəza müddəti də azaldılıb. Komitədən xatırladıblar ki, amnistiya terrorizm, ekstremizm, korrupsiya, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlər, işgəncə, eləcə də təkrar cinayət törədən şəxslərə şamil olunmayıb. Qurumdan bildirilib ki, azadlığa buraxılan şəxslərin cəmiyyətə uyğunlaşması üçün onlara sosial dəstək göstərilib.
1995-ci ildə qəbul edilmiş Qazaxıstan Konstitusiyasının 30 illiyi münasibətilə amnistiya haqqında qanun 2025-ci ildə qüvvəyə minib.

