Özbəkistanın Kibertəhlükəsizlik Mərkəzi sosial şəbəkələrdə ölkə vətəndaşlarının şəxsi məlumatlarının sızması ilə bağlı yayılan xəbərlərdən sonra araşdırmaya başladığını açıqlayıb.
İlkin məlumatlara görə, iddia edilən məlumat sızması dövlət informasiya sistemlərindən baş verə bilər.
Kibertəhlükəsizlik Mərkəzindən bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı əlavə məlumat veriləcək. Eyni zamanda vətəndaşlara təhlükəsizlik tədbirlərinə əməl etmək tövsiyə olunub:
– şəxsi məlumatları naməlum şəxslərlə paylaşmamaq,
– mürəkkəb istifadəçi adları və şifrələrdən istifadə etmək,
– şübhəli saytlarda məlumat daxil etməmək.
Sosial şəbəkələrdə yayılan iddialara əsasən, 15 milyondan çox Özbəkistan vətəndaşının şəxsi məlumatları naməlum kibercinayətkarların əlinə keçib və sonradan Darknet-də satışa çıxarılıb.

