İstintaq milyarder İbrahim Süleymanova qarşı irəli sürülən ittihamları ağırlaşdırıb. O, iki qətlin və bir qətl cəhdinin təşkili ilə bağlı cinayət işi çərçivəsində əlavə olaraq cinayətkar birlik yaratmaqda ittiham olunur. Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, sifarişli qətllərlə bağlı iş üzrə digər şəxslərə də cinayətkar birlikdə iştirak ittihamı irəli sürülüb.
İbrahim Süleymanov oktyabrın 2-nə keçən gecə Moskvada saxlanılıb. Növbəti gün Moskvanın Basmannı məhkəməsi onun barəsində 2 dekabra qədər həbs qətimkan tədbiri seçib. Milyarder, xüsusilə, 2004-cü ildə sifarişli qətlin təşkili ilə şübhəli bilinir.
İstintaqın versiyasına görə, Süleymanov paytaxt hava limanlarının iflas prosesləri ilə məşğul olan Georgi Tala qarşı qətl sifarişi verib. 112-nin yazdığına görə, Tal Moskvanın mərkəzində güllələnib. O, xəstəxanaya çatdırılsa da, bir neçə saat sonra aldığı yaralardan reanimasiyada vəfat edib. Süleymanov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

