Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması ittihamı üzrə təqsirini qəbul etməyib. Bu barədə TASS onun vəkillərindən birinə istinadən məlumat yayıb.
“Müdafiə etdiyimiz şəxs özünü təqsirli bilmir”, – deyə vəkil bildirib.
Bundan əvvəl prokurorluq Həsənov barəsində cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında ittiham olunur. Hüseyn Həsənov qiyabi həbs edilib və axtarışa verilib.
İstintaqın məlumatına görə, fərdi sahibkar kimi fəaliyyət göstərən Həsənov real gəlirlərini gizlədib və 170 milyon rubldan çox vergi ödəməyib.
2025-ci ilin sentyabrında Federal Vergi Xidməti onun 2023-cü ildə suşi və roll istehsalı üçün yaratdığı son şirkəti – “Banda Fuds”u ləğv edib. Şirkət mənfəət gətirməyib və təxminən 800 min rubl borc yaranıb. Həsənov borcu ödəməli olsa da, Rusiya ərazisini tərk edib.

