İsrailli ekstrasens Uri Geller ABŞ prezidenti Donald Trampa teleportasiya ilə bağlı iddiaları ciddi qəbul etməyə çağırıb.
Bu barədə Daily Star məlumat yayıb.
Qaşıqları "düşüncə gücü ilə" əymək bacarığı ilə məşhurlaşan 79 yaşlı Geller Trampa teleportasiyanın onun təxəyyülünün məhsulu deyil, reallıq olduğu barədə xəbərdarlıq edib.
O, FEMA rəsmisi Qreq Fillipsi müdafiə edib. Fillips podkastda çıxışı zamanı naməlum qüvvənin avtomobilini havaya qaldıraraq onu evindən 65 km uzağa atdığını iddia edib.
Onun sözlərinə görə, ikinci hadisə isə övladlarının gözü qarşısında baş verib:
“Bir an əvvəl olduğum yerdən təxminən 80 kilometr uzaqda, Waffle House-da idim. Bu, həqiqətən baş verdi.”
Bildirilib ki, Donald Tramp CNN-ə müsahibəsində “teleportasiya” sözünün mənasını bilmədiyini desə də, məsələni araşdıracağını vəd edib.
Uri Geller iddia edib ki, oxşar hadisəni özü də 1970-ci illərdə yaşayıb. Onun sözlərinə görə, Manhettendə gəzərkən “görünməz qüvvə” onu havaya qaldırıb və o, bir an sonra 58 km uzaqda, CIA ilə əməkdaşlıq edən doktor Andrija Puxariçin evində ayılıb.
“Prezident Tramp, onu diqqətlə dinləyin. Bunu görməzdən gəlməyin. Araşdırın”, — deyə Geller bildirib.
Ekstrasens hesab edir ki, bu cür hadisələrin araşdırılması kainatın təbiəti və hətta UFO-ların sirri ilə bağlı suallara cavab verə bilər. O, hətta Trampa bu fenomeni idarə etməyi öyrətməyi təklif edib.
Məlumata görə, Ağ Evdə isə FEMA rəsmisi ilə bağlı qalmaqalın böyüməməsi üçün vəziyyəti sakitləşdirməyə çalışırlar.

