Yunanıstan Xarici İşlər Nazirliyi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin “Sumud” flotiliyasının saxlanılan fəalları ilə bağlı paylaşdığı görüntülərə görə İsrailə etiraz bildirib.
Bu barədə Yunanıstan XİN-in saytında məlumat yerləşdirilib.
Məlumata görə, xarici işlər naziri Yorgos Gerapetritisin tapşırığı ilə baş verən hadisə ilə əlaqədar etiraz aksiyası keçirilib.
Biz beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam hörmət tələb edirik. İsrail hakimiyyətini bütün prosedurları sürətlə yerinə yetirməyə və Yunanıstan vətəndaşlarını dərhal azad etməyə çağırırıq,
— deyə açıqlamada bildirilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də İsrail hərbi gəmiləri Fələstinə dəstək məqsədilə hərəkət edən “Sumud” flotiliyasını saxlamışdı.
İtamar Ben-Qvir daha sonra saxlanılan fəallarla bağlı görüntülər yayıb. Videoda İsrail hüquq-mühafizə orqanlarının saxlanılan fəallara sərt davranışı əks olunub. Nazir paylaşımında həmin fəalları “terror tərəfdarları” adlandırıb.
İsrailin Baş naziri Binyamin Netanyahu isə Ben-Qvirin hərəkətlərindən məsafə saxlayıb. O bildirib ki, bu addımlar İsrailin norma və dəyərlərinə uyğun deyil. Bununla belə, Netanyahu fəalların olduğu gəmilərin saxlanılması qərarını dəstəkləyib və aksiya iştirakçılarının mümkün qədər tez deportasiya edilməsini tapşırıb.

