İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal altındakı Fələstin torpaqlarında yerləşən məscidlərdə azan səsinin azaldılması təşəbbüsü çərçivəsində sosial şəbəkədə video paylaşıb.
Ben-Qvir sosial media hesabında yayımladığı videoda Fələstindəki məscidlərdən gələn azan səsini susdurmağı hədəfləyən qanun layihəsini gündəmə gətirib.
Məscidlərdən gələn azan səsinin “narahatedici” olduğunu iddia edən Ben-Qvir azana qarşı təşəbbüsü ilə bağlı:
“Məscidlərdən gələn səs-küyü kəsəcəyəm”, ifadələrini işlədib.
Fələstinə və dini dəyərlərə qarşı sərt mövqeyi ilə tanınan Ben-Qvir azan səsinin eşidildiyi videoda çıxışı zamanı:
“Bu vəziyyəti dəyişəcəyəm”, deyə bildirib.
İsrailin ifrat-sağçı naziri Ben-Qvirin rəhbərlik etdiyi Yəhudi Gücü Partiyası ölkə üzrə azan səslərinin azaldılması ilə bağlı qanun layihəsini İsrail parlamentinə təqdim etmişdi.
Layihə 31 may bazar günü komissiyadan keçərək müzakirə üçün İsrail parlamentinə göndərilib. Məscidlərdə icazə alınmadan səs sisteminin quraşdırılmasını və ya işlədilməsini qadağan edən layihəyə əsasən, bu qadağanı pozanlar 50 min şekel, yəni təxminən 17 min 500 dollar məbləğində cərimələnəcəklər.
İcazələrin isə “səs-küyün” səviyyəsinə və məscidin yaşayış məntəqələrinə yaxınlığına görə veriləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, Ben-Qvir 2024-cü ildə də azan səsini azaltmaq üçün polisə məscidlərdə səsgücləndiriciləri müsadirə etmək və “səs-küy” səbəbilə cərimə tətbiq etmək göstərişi vermişdi. Həmin qərar ciddi etirazlara səbəb olmuşdu.

